Mariya Stadnik: “Düşünürəm ki, gələn yazda formada olacam”
Saturday, 24 July 2010 11:23
Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, Dünya, 2 qat Avropa çempionu Mariya Stadnik Ukraynadan SİA-ya eksklüziv olaraq müsahibə verib.
O, 1988-ci il iyunun 3-də Lvovda (Ukrayna) dünyaya gəlib. 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarında 48 kq çəki dərəcəsində qazaxıstanlı rəqibi Tatyana Bokatyuku 6-0 hesabı ilə məğlub edərək bürünc medala sahib olub. 2009-cu ildə Dünya, 2008 və 2009-cu illərdə isə Avropa çempionu olub.
- Bir müddətdir ki, peşəkar idmanla məşğul olmursunuz. Bu müddətdən sonra yenidən peşəkar idmana qayıtmaq sizin üçün çətin olmayacaq ki?
- Açığı, dəqiq deyə bilmərəm, nə dərəcədə çətin olacaq. Çünki hələ belə bir şey yaşamamışam. Bu, məşqlərə başlayandan sonra bəlli olacaq. Məncə istək varsa, bütün çətinlikləri dəf etmək olar. Mən də əlimdən gələni edəcəm ki, əvvəlki vəziyyətimə qayıdım. Məşqlərdə tam gücümlə çalışacam.
- Hazırlıq prosesinə nə vaxt başlamaq istəyirsiniz?
- Əgər alınarsa, əvvəlcə doğuşdan sonra dincəlmək istəyirəm. Bu, özümü toplamaq üçün lazımdır. Daha sonra isə məşqlərə başlamağı düşünürəm. Təxminən 1-2 aydan sonra hazırlıqlara başlayacam. Bu da yəqin ki, payıza təsadüf edəcək.
- Nəzərə alsaq ki, həyat yoldaşınız da peşəkar idmanla məşğuldur, yeni dünyaya gəlmiş körpəniz sizin peşəkar idmançı kariyeranıza mane olmayacaq ki?
- Körpə uşaq nə problem yarada bilər?!
- Körpə uşaq axı qayğı tələb edir...
- Bizim nənələrimiz və babalarımız var. Onlar köməklik edəcəklər. Biz birlikdə bunun öhdəsindən gələcəyik.
- Oğlunuzun da idmançı olmasını istəyirsiniz?
- Təbii ki. Oğlumun da yaxşı idmançı-güləşçi olmasını istəyirəm. Ancaq o başqa idmanı da seçə bilər. Əgər o başqa idmanı seçərsə, buna etiraz etməyəcəm.
- Sizcə, ilk olaraq qarşıdan gələn hansı yarışa qədər formanızı bərpa edə biləcəksiniz? Yəni ilk olaraq hansı yarışa qatılmaq istəyirsiniz?
- Ola bilər ki, Avropa Çempionatına hazırlaşım. Amma hələ bəlli deyil. Bu, bərpa prosesindən asılıdır. Düşünürəm ki, gələn yazda formada olacam.



